Anorektal malformasiyalarla bağlı uroloji problemlər post thumbnail

Anorektal malformasiyalarla bağlı uroloji problemlər

Uşaq cərrahı və uşaq uroloqu Dr. Vüsal Cəfərov qeyd edir ki, anorektal malformasiyalar anal nahiyənin anadangəlmə inkişaf qüsurlarıdır və bu problem yalnız bağırsaq sistemi ilə məhdudlaşmaya bilər. Bəzi uşaqlarda düz bağırsaqla sidik yolları arasında əlaqə yarana, bəzilərində isə sidik-cinsiyyət sistemində əlavə struktur problemlər müşahidə oluna bilər. Tibbi mənbələrdə bu qüsurun təxminən hər 5000 doğuşdan birində rast gəlindiyi, həmçinin bəzi formalarında sidik sistemi ilə əlaqəli anomaliyaların da yanaşı görülə bildiyi qeyd olunur.

Bu uşaqlarda ən çox diqqət yetirilən uroloji problemlər arasında hidronefroz, vezikoureteral reflüks, böyrək quruluş anomaliyaları və sidik kisəsinin funksional pozğunluqları yer alır. Elmi araşdırmalar göstərir ki, anorektal malformasiyanın forması nə qədər mürəkkəbdirsə, yanaşı uroloji problemin aşkarlanma ehtimalı da bir o qədər yüksəlir. Xüsusilə daha ağır və kompleks formalar böyrək və sidik yolları baxımından daha ciddi nəzarət tələb edir.

Məsələ yalnız anatomik fərqlə bitmir. Bəzi uşaqlarda sonrakı aylarda və illərdə təkrarlayan sidik yolu infeksiyaları, sidik qaçırma, sidiyin tam boşalmaması, zəif sidik axını və hətta böyrək funksiyasına təsir edən problemlər inkişaf edə bilər. Əgər uşağın onurğa və ya sakral nahiyəsində əlavə qüsur varsa, neyrogen sidik kisəsi riski də ayrıca nəzərə alınmalıdır. Məhz buna görə bu xəstələrdə erkən dövrdən uroloji izləmə böyük əhəmiyyət daşıyır.

Dəyərləndirmə zamanı böyrək və sidik kisəsinin ultrasəs müayinəsi mühüm yer tutur. Zərurət yarandıqda sidiyin geri qaçmasını göstərən xüsusi müayinələr, bəzi hallarda isə sidik kisəsinin fəaliyyətini ölçən urodinamik testlər də aparılır. Məqsəd problemi təkcə aşkarlamaq deyil, həm də böyrəkləri uzunmüddətli zədələnmədən qorumaqdır. Bu səbəbdən belə uşaqların yalnız əməliyyatla deyil, multidisiplinar yanaşma ilə izlənməsi daha doğru hesab olunur.

Vaxtında diaqnoz və düzgün izləmə ilə bu uşaqlarda bir çox uroloji fəsadın qarşısını almaq mümkündür. Ona görə anorektal malformasiyası olan hər bir uşağın böyrək, sidik yolları və sidik kisəsi baxımından da qiymətləndirilməsi vacibdir. Erkən yanaşma gələcəkdə həm sidik ifrazı funksiyasının, həm də böyrək sağlamlığının qorunmasına ciddi kömək edir

facebook.com linkedin.com twitter.com